Dekabrın 27-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2019-cu ilin yekunları ilə bağlı tədbiri keçirilib.
Əvvəlcə rayon şahmat məktəblərinin direktorları 2019-cu ildəki fəaliyyət barədə hesabat veriblər. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev isə federasiya üzrə 2019-cu ildə görülən işlərdən danışıb, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə şahmatçılar adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, Azərbaycanda şahmata dövlət tərəfindən böyük diqqət göstərilir. Bu gün dünya üzrə ən yaxşı on şahmatçıdan ikisi azərbaycanlıdır. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq şahmat ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. 2019-cu ildə muxtar respublikada 60-dan çox yarış keçirilib, 100-dən çox şahmatçımız beynəlxalq yarışlarda iştirak edib. 2019-cu ildə 1 şahmatçımız Avropa üçüncüsü, 1 şahmatçımız Azərbaycan çempionu, 2 şahmatçımız Azərbaycan üçüncüsü, 11 şahmatçımız Azərbaycan çempionatının finalına vəsiqə qazanıb, 1 şahmatçımız isə beynəlxalq usta normasını yerinə yetirib.Federasiya rəhbəri çıxışının sonunda diqqətə çatdırıb ki, bu gün Ali Məclis Sədrinin qayğısı nəticəsində Naxçıvan şahmatı yeni inkişaf dövrünü yaşayır. Şahmatçılarımız beynəlxalq arenada öz yerini tutur, reytinqlərini artırırlar. Bu iş növbəti ildə də davam etdiriləcəkdir.
Sonra 2019-cu ildə fərqlənən məşqçi-müəllimlərə, şahmatçılara və məktəblərə federasiya tərəfindən diplom, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib, xatirə şəkili çəkdirilib.
Həmin gün Naxçıvan Şahmat Mərkəzində rayon şahmat məktəblərinin direktorları və məşqçi-müəllimləri ilə növbəti ildə qarşıda duran vəzifələrlə bağlı yığıncaq da keçirilib, vəzifələr müəyyənləşdirilib, məşqçi-müəllimlərin fikirləri dinlənilib, təkliflər müzakirə olunub.