24 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar sertifikasiyadan keçmiş, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, idman və dostluq əlaqələrini inkişaf etdirmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, Xocalı Soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. O çıxışında Xocalı Soyqırımına ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırım aktı kimi qeyd edilməyə başladığını vurğulayıb.
Yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət olub və hər iştirakçıya oyunun sonunadək 1 saat vaxt verilib.
Yarışda rayonun ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən sertifikat almış 21 müəllim iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, Qarabağlar kənd 1 №-li tam orta məktəbin müəllimi Famil Süleymanov I, Yurdçu kənd tam orta məktəbinin müəllimi Sabir Məmmədov II, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Mənsim Möhbalıyev isə III yerə layiq görülüb. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.