28 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında onlayn şahmat birinciliyi keçirilib. Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq, şahmatın kütləviliyinə nail olmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarət olub. Tədbiri giriş nitqi ilə açan beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev bildirib ki, gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir. Vurğulanıb ki, şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Dairəvi sistem üzrə keçirilən yarışda hər komandada 3 oğlan 1 qız olmaqla, ümumilikdə 32 zəka sahibi mübarizə aparıb. Yarışın nəticələrinə əsasən, Qarabağlar kənd 1№-li tam orta məktəbin komandası I, Qıvraq qəsəbə tam orta məktəbinin komandası II, Xok kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.