26 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “27 Sentyabr-Anım Günü” ilə əlaqədar ümumtəhsil məktəblərində təhsil alan 14 yaşadək şagirdlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Tədbiri giriş nitqi ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
6 turdan ibarət olan və İsveçrə sistemi ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.
Birincilikdə ümumtəhsil məktəblərindən 43 şahmatçının iştirakı təmin edilib. Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında Şəhriyar Tarverdiyev I, Əbdüləzim Abdullayev II, İsmayıl Məmmədli III yerə layiq görülüb. Qızlar arasında isə Məhcəbin Rzalı I, Güləbətin Məmmədova II, Sara Rzayeva III yerə layiq görülüb.