Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər Şahmat Məktəbi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə 12 yaşadək məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.
Tədbirdə Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb.
Yarış şahmatçılar arasında sosial məsafə normaları gözlənilməklə təşkil edilib və 5 turdan ibarət olmaqla “İsveçrə” sistemi üzrə keçirilib.
Yarışın yekun nəticələrinə əsasən 12 yaşadək qızlar arasında Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Rzalı Məhcəbin I, Qabıllı kənd tam orta məktəbinin şagirdi Məmmədova Pəri II, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Rzayeva Sara III yerə layiq görülüb. 12 yaşadək oğlanlar arasında isə Qabıllı kənd tam orta məktəbinin şagirdi Əsgərov Uğur I, Xok kənd tam orta məktəbinin şagirdi Abdullayev Əbdüləzim II və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Seyidli Kənan III yerə layiq görülüb. Yarışın qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.