Müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib
Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri üçün hazırladığı yay tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında rayon birinciliyi keçirilib.
Tədbiri giriş nitqi ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. O, çıxışında ölkə­mizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan uğurlu siyasətdən danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
5 turdan ibarət olan və İsveçrə sistemi ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib. Birincilikdə ümumtəhsil məktəblərindən 18 müəllimin iştirakı təmin edilib. Yarışın yekun nəticələrinə əsasən, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin müəllimi Famil Süleymanov I, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Səməd Səmədov II və Yurdçu kənd tam orta məktəbinin müəllimi Sabir Məmmədov isə III yerə layiq görülüb.