26 sentyabr 2019-cu il tarixdə Naxçıvan  MR Atıcılıq Mərkəzində  Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının  üzvləri arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilmişdir.  Birinciliyin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində peyntbol idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi və bu idman növünün kütləviliyinə nail olunması, federasiyalar  arasında dostluq əlaqələrinin gücləndirilməsi, idmançıların vətənpərvərlik ruhunda tərbiyə olunması, müxtəlif federasiyaların üzvləri olan gənclərin döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması olmuşdur. Birincilikdə 12 federasiyanın hər birindən bir komanda olmaqla  60 idmançı iştirak etmişdir.  Yarışın yekun nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının komandası III yerə, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının  komandası II yerə, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının  komandası I yerə layiq görülmüşdür. Qalib olan komandaların üzvlərinə təşkilatçıların diplom, medal, plaket və hədiyyə mərmi kuponları təqdim olunmuşdur. Komandamızı tutduğu yer münasibətilə təbrik edirik.