Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirə keçirilmişdir.
Ali Məclisin Sədri demişdir: Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançısı Sadiq Qarayev bildirmişdir ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan idmançılar böyük diqqətlə və qayğı ilə əhatə olunurlar. Mən 10 ildir idmanın şahmat növü ilə məşğulam. Bu gün şahmatın inkişafına göstərilən qayğının, şahmatçıların fəaliyyətinin dəstəklənməsinin nəticəsidir ki, bu idman növünə gənclər və yeniyetmələr arasında maraq xeyli artmış, şahmatın kütləviliyinə nail olunmuşdur. Şahmatçıların təkcə muxtar respublikamızda keçirilən birinciliklərdə deyil, ölkəmizdə və beynəlxalq yarışlarda iştirakı üçün hər cür şərait yaradılır. Sadiq Qarayev göstərdiyi hərtərəfli qayğıya görə muxtar respublika idmançıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri müşavirədə müzakirə olunan məsələlərin idmanın kütləviliyinin təmin olunmasına töhfə verəcəyini bildirmiş, muxtar respublikada idman sahəsində qazanılan nailiyyətlərdə əməyi olanlara təşəkkür etmişdir.
Sonra Ali Məclisin Sədri 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 3 məşqçi-müəllimə mükafat təqdim etmişdir.