Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müəllimlər arasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd etmək, şahmat oyununu daha da kütləviləşdirmək, müəllimlər arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, Naxçıvanın muxtar respublika statusu onun 97 illik tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikası 97 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olmuşdur. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermişdir. Bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir. Naxçıvan Muxtar Respublikası 97 illik tarixi inkişaf dövründə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində ölkəmizin daha böyük inkişafına doğru inamla və qətiyyətlə irəliləyir, çiçəklənən bir diyara çevrilir.
İştirakçılar yarışın qaydaları ilə tanış edildikdən sonra şahmat yarışına start verilib. Şahmat yarışında ümumtəhsil məktəblərindən 26 müəllim iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, Qurbanəli Heydərov I, Mənsim Möhbalıyev II, Sabir Məmmədov isə III yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplom və pul mükafatı ilə mükafatlandırılıb.