Rumıniyanın Yassı şəhərində qadın şahmatçıların Avropa çempionatı keçirilir. Qitə birinciliyində ölkəmizi 10 şahmatçı təmsil edir. Onlardan biri də Naxçıvan Şahmat Federasiyasının idmançısı Nəsrin Babayevadır. Debütdə yerli idmançıya məğlub olan yeniyetmə şahmatçımız növbəti qarşılaşmasında Yunanıstan şahmatçısını məğlub edərək ilk xalı aktivinə yazdırıb. 3-cü oyun gününü xalsız başa vuran təmsilçimizin növbəti rəqibi Serbiyadan olan Marina Qayçindir.
Azərbaycan şahmatçılarından ən yaxşı göstərici beynəlxalq usta Günay Məmmədzadəyə məxsusdur: 3 görüşdən maksimum nəticə. Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva hərəyə 2 xal toplayıblar. Türkan Məmmədyarova və Xəyalə Abdulla 1,5 xallıq nəticə göstəriblər. Zeynəb Məmmədyarova ilə Ayan Allahverdiyanın aktivlərində isə cəmi 1 xal var.
Ümumi mükafat fondu 60 min avro olan Avropa çempionatı avqustun 21-dək davam edəcək. Qalib gələn şahmatçı dünya kuboku turnirində yarışmaq hüququ qazanacaq.
Qeyd edək ki Avropa çempionatında 29 ölkədən 117 şahmatçı mübarizə apararır.