Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların istirahətlərinin düzgün təşkil edilməsi məqsədi ilə 10 sentyabr 2021- ci il tarixdə Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbində Rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə "Bilik günü" münasibəti ilə rayon ümumtəhsil məktəblərinin şahmatçı şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd rayonda şahmat idman növünün inkişaf etdirilməsi, istedadlı şahmatçı şagirdlərin üzə çıxarılması və şagirdlər arasında dostluq əlaqələri yaradılmasından ibarət olmuşdur. Yarışdan əvvəl şagirdlər yeni istifadəyə verilmiş Şahbuz rayon Tarix diyarşünaslıq muzeyində olmuş, orada muzey eksponatları və rayonun tarixi ilə yaxından tanış olmuşlar.
Ekskursiyadan sonra, tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Qəhrəmanov şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamış, biliklərə yiyələnmədə şahmat oyunun əhəmiyyətindən danışmlşdır. Şahbuz rayon Uşaq Gənclər Şahmat məktəbinin direktoru Əli Gülmalıyev iştirakçılara yarışın qaydaları haqqında məlumat verdikdən sonra, yarışa start verilib. İsveçrə sistemi üzrə 5 turdan ibarət olan bu yarışda rayonun ümumtəhsil məktəblərindən 24 şagirdi iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın son nəticələrinə görə
1-ci yeri 4,5 xalla Məhərrəmov Zamin,
2-ci yeri 4,5 xalla Əliyev Şahin ,
3-cü yeri isə 4 xalla İbrahimov Nicat ve Yusifli Fatimə tutmuşlar
Qaliblərə yarış təşkilatçılarının diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.