23 iyun 2020-ci il tarixdə Sədərək rayon Şahmat məktəbində Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “26 iyun-Azərbaycan Silahlı Qüvvələri günü” münasibəti ilə yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə çıxış edən Sədərək rayon Şahmat məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə bildirmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir deyə geniş məlumat verərərək yarışı açıq elan etmişdir.
Maraqla keçən yarışın yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin VI sinif şagirdi Nurşən İbrahimzadə, II yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin II sinif şagirdi Anar İbrahimzadə və III yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbinin II sinif şagirdi Bayram İsmayılov layiq görülmüşlər.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif edilmişlər.